Ukraynanın iyunun 4-də başlayan əks-hücumları artıq beşinci aydır ki, davam edir, lakin döyüşən tərəfləri göstərən xəritələrdə ciddi rəng dəyişikliyi müşahidə edilməyib. Bu, ilk baxışdan məyusedici vəziyyət kimi görünsə də, müharibənin dinamikasına diqqətlə nəzər saldıqda demək olar ki, Ukrayna ordusu öz potensialını meydanda daha çox əks etdirir. Üstəlik, davam edən müharibədə ciddi dəyişikliklərin baş verməsi üçün Ukraynanın əməliyyat qərarları və strategiyasından kənar bəzi diplomatik və ya siyasi hadisələr tələb olunur.
Ukraynanın əks hücumunun anatomiyası
Ukraynanın əks-hücumlarının iki əsas məqsədi var idi: Rusiyanın cənubda əsas müdafiə xəttini yarmaq və Donbas bölgəsində möhkəmlənmək. Onu da demək olar ki, Ukrayna uğur hekayəsi ilə Qərb hökumətinin və seçicilərinin davamlı dəstəyini təmin etməyi hədəfləyir.
Bu çərçivədə Ukraynanın hücumları üç əsas bölgədə cəmləşib. Demək olar ki, bu 3 bölgədə Ukrayna ordusu Rusiyanın əsas müdafiə xəttini yarıb bütün müdafiə xəttini darmadağın etməyi planlaşdırır. Ukrayna ordusu hər üç cəbhədə Rusiya müdafiə xəttində bəzi strateji nöqtələri azad edə bilib. Görünən odur ki, bəzi nöqtələrdə müdafiə xətti yarıla bilər, amma Rusiyanın müdafiə xətlərinin dağıldığına dair hələ heç bir əlamət yoxdur.
Ukraynanın əks-hücumlarının əsas zərbə istiqamətini Azov dənizindən 130 kilometr şimalda yerləşən Orixiv şəhəri təşkil edir. Ukrayna ordusu buradan cənuba doğru irəliləyərək Tokmaka və nəhayət, Melitopola çatmağı hədəfləyir. Əgər burada uğur qazanarsa, Ukrayna Rusiyanın Qara dəniz sahili boyu xətlərini kəsərək, Krımdan gələn tədarük marşrutlarına nəzarət edə biləcək.
Ukrayna ordusunun ikinci zərbə istiqamətini Orixivdən 100 kilometr şərqdə yerləşən Velyka Novosilka şəhəri təşkil edir. Ukraynanın əks-hücumlarının bu istiqamətinin uzaq məqsədi Ukraynanın 2022-ci ildə uzun mühasirə nəticəsində itirdiyi dəmir-polad sənayesinin mərkəzi olan sahilyanı Mariupol şəhərini geri almaqdır.
Ukraynanın üçüncü istiqamətini on minlərlə rus və ukraynalı hərbi qulluqçunun ölümünə və çoxlu sayda əsgərin yaralanmasına səbəb olan strateji əhəmiyyətli Baxmut şəhəri təşkil edir. Baxmut Velyka Novosilkadan 150 kilometr şimal-şərqdə yerləşir. Rusiya ordusu mayın 20-dən bu şəhərə nəzarət edir. Şəhərdə bir ildən artıqdır davam edən, şəhərin strateji əhəmiyyətini aşaraq yüz minə yaxın hərbi qulluqçunun həlak olduğu döyüş Baxmutun hər iki tərəf üçün simvolik məna qazanmasına səbəb oldu.
Ukraynanın həyata keçirdiyi hər üç əks-hücum rus əsgərlərin müdafiəsini dağıtmaqdan və ya yarmaqdan uzaq qaldı. Baxmut ətrafında ukraynalı əsgərlər rus ordusunun müdafiə xətti ətrafında kiçik əraziləri ələ keçirə biliblər. Cənubda isə son xəbərlərə görə, Rusiyanın ilk müdafiə xəttini aşmağa başlayan Ukrayna ordusunu əməliyyatın məqsədlərinə çatmaq üçün uzun və qanlı bir yol gözləyir. Bu yaxınlarda Orixiv şəhərindən 30 kilometr cənub-şərqdə yerləşən Verbove şəhərinin qərbinə gələn Ukrayna ordusunun qarşısında strateji yol ayrıcında yerləşən Melitopola çatmaq üçün 100 kilometrlik bir neçə eşalonlu Rusiya müdafiə xətti mövcuddur. Velyka Novosilka cəbhəsində Ukrayna cəmi 10 kilometr cənuba gedə bildi. Mariupol şəhəri ilə Ukrayna ordusu arasında 110 kilometr və Rusiya müdafiə xətləri var.
Bu arada Rusiyanın Ukraynanın nəzarətdə saxladığı və yeni nəzarət altına aldığı bölgələrə hücumları xüsusilə hava zərbələri şəklində davam edir. Rusiya yerlərdə yarılan müdafiə xətlərini gücləndirməklə yanaşı, Ukrayna ordusunu da bütün cəbhələrdə məşğul edir. Bundan əlavə, Rusiya əlində saxladığı bölgələrdə siyasi və demoqrafik strukturu dəyişdirəcək fəaliyyətlərlə Azov dənizinin şimalındakı nəzarətini gücləndirir.
Ukrayna son vaxtlar Rusiya-Ukrayna müharibəsinin bəlkə də ən mühüm hissəsi olan silah yardımı ilə bağlı Qərb dövlətləri ilə diplomatiyada çoxlu çətinliklərlə üzləşib. Avqust ayında ABŞ kəşfiyyatı və hərbi rəsmilərinin Ukraynanın əks-hücumları ilə bağlı mənfi fikirləri ABŞ-nin aparıcı qəzetlərində əksini tapıb. Bu cür xəbərlər ABŞ seçkiləri yaxınlaşdıqca prezidentliyə namizədləri Ukrayna ilə bağlı çətin vəziyyətə sala bilər. Bu vəziyyətin bir nümunəsi milyonlarla ukraynalı qaçqına ev sahibliyi edən, Ukraynanın ən mühüm müttəfiqlərindən biri olan və diqqəti oktyabrın 15-də keçiriləcək seçkilərə yönəldən qonşu Polşada baş verib.
Polşalı fermerləri qorumaq üçün bu yaxınlarda taxıl ixracını kəsən Polşa hökuməti Ukraynaya hərbi silah satışını dayandırıb. Bu proses onu göstərir ki, Ukrayna ordusunun arxalandığı Qərbdən gələn silah yardımında mənbə ölkənin daxili siyasəti və bürokratiyası kövrək rol oynayır.
Ukraynanın yarada bilmədiyi möcüzə
Hər ay Ukraynaya milyardlarla dollar yardım edən bəzi Qərb dairələri tərəfindən bu ölkənin əks-hücumlarına ciddi ümidlər bağlanmışdı. Ona görə də bu əks-hücumların müharibənin ümumi gedişatını dəyişdirə bilməməsi məyusluq yaratdı. Ukraynanın əks-hücumlarının strateji hədəflərini nəzərə alsaq, onların bəzi dairələri qane edəcək nəticə verə bilməmələrinin 4 əsas səbəbi olduğunu söyləmək olar.
Birinci səbəb odur ki, Ukraynanın hücum etdiyi bölgələrdə hökmranlıq edən Rusiya ordusu güclü eşalonlu müdafiə xətti quraraq, havada üstünlüyünü qoruyub saxlayır. Aylardır Ukraynanın əks-hücumlarını gözləyən Rusiya ordusu tutduğu bölgəni tank əleyhinə raketlər, minalar, səngərlər və bu kimi hərbi istehkamlarla doldurmuşdu. Ukrayna ordusu burada Rusiyanın müdafiə xəttində kiçik irəliləyişlər əldə etsə də, izdihamlı rus ordusu, minalar və Rusiyanın havada üstünlüyü Ukrayna ordusunun irəliləməsinə imkan vermir.
İkinci səbəb isə Ukraynanın Qərbin gözlədiyi kimi tabor şəklində hərəkət edərək böyük əməliyyatlar təşkil etmək əvəzinə daha kiçik bölüklər və ya komandalar şəklində əməliyyatlar aparmasıdır. Bəzi hərbi ekspertlər bu vəziyyətin Ukrayna ordusunun gözlənilən irəliləyişi əldə etməməsinə səbəb olduğunu düşünsələr də, Ukrayna ordusu havada üstünlüyün olmadığı bir ssenaridə bütün taboru təhlükəyə atmaq istəmir.
Üçüncüsü, Qərbin öyrətdiyi və təchiz etdiyi ukraynalı hərbi qulluqçuların təlimi və təchizatı hələ də Rusiya-Ukrayna müharibəsi meydanına və Ukrayna ordusunun strateji mədəniyyətinə tam uyğunlaşdırılmayıb. Bundan əlavə, hərbi dəstək Ukrayna ordusunun döyüş qabiliyyətini artırsa da, Kiyev səhra təcrübəsi və formalaşmış strateji mədəniyyətə malik təcrübəli rus hərbi qulluqçular qarşısında ciddi üstünlük əldə edə bilmir.
Nəhayət, hərbi ədəbiyyatda qəbul edilmiş anlayışa görə, hücum edən bölmənin uğur qazanması üçün müdafiə bölməsindən 3 dəfə çox gücə malik olması lazım olduğu halda, onsuz da əlverişsiz vəziyyətdə olan Ukrayna ordusu bu say üstünlüyünü əldə etməkdə çətinlik çəkir.
Tükəndirmə müharibəsi davam edəcək
Hər iki tərəfin imkanlarını və meydanın reallığını nəzərə alsaq, möcüzə yarada bilməsə də, Ukrayna ordusunun uğursuzluğa düçar olduğunu söyləmək insafsızlıq olardı. Hava üstünlüyündən məhrum olan və son on ildə yenidən qurularaq bu səviyyəyə çatan gənc ordu olan Ukrayna ordusunun Qərbdən aldığı yardım Rusiya ordusuna qarşı uğur qazanmaqdan daha çox müharibəni davam etdirmək üçün kifayət edəcək səviyyədədir. Ukraynanın aldığı hərbi yardım hava üstünlüyünü bərqərar etmək, bütün ölkəni Rusiyanın hava hücumlarından müdafiə etmək və cəbhədə Rusiya ordusuna qarşı mütləq üstünlüyü təmin etmək üçün kifayət etmir.
Digər tərəfdən, bütün iqtisadi sanksiyalara baxmayaraq, Rusiya ordusu həm hərbi, həm iqtisadi, həm də demoqrafik baxımdan Ukraynadan əhəmiyyətli dərəcədə üstün mövqedədir. Qeyd olunan səbəblərdən Ukrayna ordusunun əks-hücumları Rusiyanın nizam-intizamını pozsa da, cənubda Qara dəniz sahillərində, şərqdə Donbas bölgəsində Ukraynanın hökmranlığını bərqərar edə bilmədi və tərəflər arasında yeni cəbhələrdə tükəndirmə müharibəsinin davam etməsinə səbəb oldu.
Mövcud şəraitdə qısa müddətdə meydanda vəziyyətin dəyişməsi mümkün görünməsə də, ortamüddətli perspektivdə tarazlığın dəyişməsi Rusiya və ya Ukraynada baş verə biləcək kritik hadisələrdən və ya Qərbin müdaxilə edib tərəfləri qane edəcək və ya sülhə məcbur edəcək şərtləri masaya gətirməsindən asılıdır. Qərbin Ukraynaya hərbi dəstəyinin məhdud olaraq qaldığı və Rusiyanın mübarizəni davam etdirdiyi indiki ssenaridə tükəndirmə müharibəsinin davam edəcəyini proqnozlaşdırmaq olar.
Firuz Bağırov
Ordu.az